Lənkəranda baş verən müəmmalı hadisə diqqət çəkib. Rayonun tanınmış iş adamlarından biri olan 64 yaşlı kişinin meyiti iki gündür axtarıldığı ərazidə aşkarlanıb.
Veten.Az bildirir ki, 1962-ci il təvəllüdlü Lənkəran sakini Ramiz Bəxtiyar oğlu Əliyevin meyiti rayonun Ürgə kəndi ərazisində yerləşən qamışlıq sahədə tapılıb.
İlkin məlumata görə, Ramiz Əliyev iki gün əvvəl ov etmək məqsədilə həmin əraziyə gedib. Lakin bundan sonra ondan xəbər almaq mümkün olmayıb. Yaxınlarının axtarışları və aparılan tədbirlər nəticəsində onun meyiti çöllük ərazidə aşkarlanıb.
Ən diqqətçəkən məqam isə meyitin baş nahiyəsində xəsarət izlərinin müəyyən edilməsidir. Hələlik xəsarətin yıxılma nəticəsində, yoxsa başqa şəraitdə yaranması məlum deyil. Onun ölümündə hər hansı kənar müdaxilənin olub-olmadığı da araşdırılır.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit daxili və xarici müayinə aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Masallı rayon şöbəsinə təhvil verilib.
Məhkəmə-tibbi ekspertizasının rəyindən sonra 64 yaşlı kişinin ölümünün dəqiq səbəbinə aydınlıq gələcəyi gözlənilir.
Qeyd edək ki, Ramiz Əliyev Lənkəranda iş adamı kimi tanınıb. O, restoran sahibi olub.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Hazırda hadisənin bütün təfərrüatları araşdırılır, ibtidai istintaq davam etdirilir.
Ramiz Əliyevin hansı şəraitdə həyatını itirdiyi ekspertiza və istintaqın nəticəsindən sonra məlum olacaq.



































