Qusar rayonunda üç uşaq anası olan 32 yaşlı Diana Təyibovanı xüsusi amansızlıqla qətlə yetirən keçmiş həyat yoldaşı Asif Təyibovun məhkəmə prosesi başa çatıb.
Veten.Az xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxs barəsində hökm elan olunub.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 120.2.4 və 177.1-ci maddələri ilə təqsirləndirilən 1990-cı il təvəllüdlü Asif Təyibov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İttiham aktına əsasən, hadisə Qusar rayonunun Hil kəndində baş verib. Asif Təyibov keçmiş həyat yoldaşı Diana ilə yenidən barışmaq və birlikdə yaşamaq adı altında görüşmək barədə razılığa gəlib. Lakin onun əvvəlcədən cinayət planı hazırladığı məlum olub.
Belə ki, Asif Təyibov görüşə getməzdən əvvəl işlədiyi kənd məktəbindən qayçı, evindən isə yapışqan lent və ip götürüb. İddialara görə, o, keçmiş həyat yoldaşı barışmaqdan imtina edəcəyi təqdirdə onu öldürməyi planlaşdırıb.
Tərəflər kənddəki fərdi yaşayış evlərindən birində görüşüblər. Aralarında yaranan mübahisə zamanı Asif əvvəlcə Dianaya yumruq zərbəsi endirərək onu yerə yıxıb. Daha sonra qadının əl-qolunu, ağzını və gözlərini bağlayaraq qayçı ilə boğaz nahiyəsinə bir neçə zərbə vurub. Nəticədə 32 yaşlı Diana Təyibova həyatını itirib.
Cinayətdən sonra Asif hadisənin izlərini itirmək məqsədilə qadının çantasını yoxlayaraq ona məxsus pul, qızıl-zinət əşyaları və mobil telefonu götürüb. Daha sonra həmin əşyaları işlədiyi məktəbin ayaqyolusuna atıb.
Dianadan uzun müddət xəbər ala bilməyən ailə üzvləri onun itkin düşməsi barədə polisə müraciət ediblər. Araşdırma zamanı polis əməkdaşları ilk olaraq Asif Təyibovu dindiriblər. O, dindirilərkən törətdiyi cinayəti etiraf edib.
Qeyd edək ki, Asif Təyibovla Diana Təyibovanın nikahından üç övlad dünyaya gəlib. Məlumata görə, Asif uzun illər kənddə qeyri-rəsmi olaraq molla fəaliyyəti ilə də məşğul olub.
Məhkəmənin hökmü ilə ağır cinayət törətmiş şəxs 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



































