Kənd məktəblərində işləyəcək gənc müəllimlərə 20,9 milyon manat ayrılacaq
2027-ci ildə kənd rayonlarındakı məktəblərdə işləməyə cəlb olunan gənc mütəxəssislərin həvəsləndirilməsi üçün 20,9 milyon manat vəsait ayrılması nəzərdə tutulur.
Veten.Az xəbər verir ki, bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə olunan 2027-ci ilin dövlət büdcəsi layihəsinə dair materiallarda bildirilib.
Məlumata görə, nəzərdə tutulan tədbirlər pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş 12,6 mindən çox gənc mütəxəssisi əhatə edəcək.
Ayrılması planlaşdırılan vəsait gənc mütəxəssislərin yol və əmlakın daşınması xərclərinin qarşılanmasına, ilkin yaşayış şəraitinin yaradılmasına, kommunal xidmətlərə və kirayə haqqına görə kompensasiyaların ödənilməsinə yönəldiləcək.
Bununla yanaşı, gənc mütəxəssislərə aylıq əməkhaqqına əlavələrin verilməsi də nəzərdə tutulur.
Qeyd edək ki, bu tədbirlərin əsas məqsədi kənd məktəblərində pedaqoji kadr təminatını gücləndirmək və gənc mütəxəssislərin həmin ərazilərdə işləməsini təşviq etməkdir.



































