Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanın səhhəti ilə bağlı yeni məlumat yayılıb.
Veten.Az xəbər verir ki, Səmayə Həşimova oktyabrın 27-də saat 10:00 radələrində Sumqayıt Tibb Mərkəzinin 2 nömrəli Şəhər Xəstəxanasına yerləşdirilib.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, pasiyentə arterial hipertenziya, şəkərli diabet və ürək çatışmazlığı diaqnozları qoyulub. Müayinələr zamanı onda pnevmoniya əlamətləri də aşkarlanıb.
Hazırda Səmayə Həşimovanın müalicəsi xəstəxananın Terapiya şöbəsində davam etdirilir. Onun vəziyyəti stabil qiymətləndirilir.
Qeyd edək ki, daha əvvəl Səmayə Həşimovanın xəstəxanaya yerləşdirilməsi barədə məlumat yayılmışdı. Milli Qəhrəmanın bacısı Kəmalə Həşimova da anasının səhhətində ciddi problemlər yarandığını və Sumqayıt şəhərində müalicə aldığını təsdiqləmişdi.
Kəmalə Həşimova anasının səhhətində müəyyən irəliləyiş olduğunu bildirərək həkimlərin diqqət və qayğısına görə təşəkkür edib.



































