Azərbaycanda dövlət büdcəsinin təsnifat sistemində genişmiqyaslı dəyişikliklər ediləcək. Yeni təsnifatın 2028-ci ilin büdcəsinin hazırlanmasında tətbiqi nəzərdə tutulur.
Veten.Az xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2027-ci ilin dövlət büdcəsi zərfinin müzakirəsi zamanı bildirib.
Nazirin sözlərinə görə, büdcə təsnifatının funksional və inzibati istiqamətləri artıq yenilənib. İqtisadi təsnifatın təkmilləşdirilməsi istiqamətində isə işlər davam etdirilir.
Sahil Babayev qeyd edib ki, hazırlanacaq yeni sistem beynəlxalq standartlara, xüsusilə Dövlət Maliyyə Statistikası Təlimatına (GFSM) maksimum uyğunlaşdırılacaq.
Bununla yanaşı, dövlət büdcəsində səhiyyə və mədəniyyət xərclərinin hansı bölmə, alt bölmə və yarımmaddələr üzrə göstərilməsi ilə bağlı mövcud fikir ayrılıqlarının da aradan qaldırılması planlaşdırılır.
Maliyyə naziri vurğulayıb ki, yeni iqtisadi təsnifatın yekunlaşdırılmasından sonra 2028-ci ilin dövlət büdcəsi yenilənmiş funksional, iqtisadi və inzibati təsnifat əsasında hazırlanacaq.
Dəyişikliklərin əsas məqsədi Azərbaycanın büdcə sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq, dövlət xərclərinin təsnifatında vahid yanaşma formalaşdırmaq və büdcə məlumatlarının daha sistemli təqdim olunmasını təmin etməkdir.



































