Sumqayıtda 18 yaşlı oğlan sevgilisini küçədə döyüb
Sumqayıt şəhərində sevgilisini küçədə döyən 18 yaşlı oğlan barəsində başlanmış cinayət işinə xitam verilib.
Veten.Az-ın məlumatına görə, hadisə şəhərin 9-cu mikrorayonunda baş verib.
Belə ki, 2008-ci il təvəllüdlü, şəhər sakini Elsevər Aslanov (soyadı şərtidir – red.) özündən iki yaş böyük xanımla sevgi münasibətində olub.
Hadisədən bir neçə gün əvvəl Elsevərin dostu Kənanın sevgilisi ona zəng edərək kömək istəyib. Valideynləri ilə mübahisə etdikdən sonra evdən çıxdığını bildirən xanım gecələmək üçün yer istəyib.
Elsevər məsələ ilə bağlı öz sevgilisinə zəng edərək onu Sumqayıt ərazisindəki restoranlardan birinə dəvət edib. Görüş zamanı dostunun sevgilisini onunla tanış edib və xanımın gecələməsi üçün kömək istəyib. Lakin sevgilisi bu təklifə razı olmayıb.
Bundan sonra Elsevər xanımı şəhərdəki hotellərdən birində yerləşdirmək qərarına gəlib və öz sevgilisini evə yola salmaq istəyib. Bu qərar tərəflər arasında narazılığa səbəb olub və mübahisə yaranıb. Mübahisə zamanı Elsevər sevgilisini küçədə döyüb.
Hadisə yerinə gələn polis əməkdaşları Elsevəri saxlayıblar. Faktla bağlı cinayət işi başlanaraq baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmə prosesində tərəflər arasında barışıq əldə olunduğundan cinayət işinə xitam verilib.



































