BYD-nın istehsalı və satışı qadağan edilir
BYD-yə Avropada qadağa: “Defender”ə bənzəyən avtomobilin satışı dayandırılır
Çinin avtomobil istehsalçısı BYD Avropada hüquqi problemlə üzləşib. Şirkətin “Ti7” SUV modelinin “Land Rover Defender”in qeydiyyatdan keçmiş dizayn hüquqlarını pozduğu qənaətinə gələn məhkəmə Avropa İttifaqında avtomobilin satışına və idxalına qadağa qoyub.
Veten.Az xəbər verir ki, Niderlandın Haaqa Rayon Məhkəməsi “Jaguar Land Rover”in (JLR) müraciəti əsasında müvafiq qərar qəbul edib.
Məhkəmə “Ti7” modelinin bucaqlı kuzovu, düz dam xətti, şaquli pəncərələri, arxa qapısındakı ehtiyat təkəri və C-sütun paneli kimi dizayn elementlərinin “Defender”lə oxşarlıq yaratdığını bildirib. Qərarda bu xüsusiyyətlərin avtomobil alıcılarında eyni ümumi təəssürat formalaşdıra biləcəyi vurğulanıb.
BYD-nin ayrı-ayrı dizayn detallarındakı fərqlərə əsaslanan müdafiəsi isə məhkəmə tərəfindən yetərli hesab edilməyib.
Qərara əsasən, rəsmi bildiriş şirkətə çatdırıldıqdan bir həftə sonra müvəqqəti qadağa qüvvəyə minəcək. Məhdudiyyət “Ti7” modelinin Avropa İttifaqı ölkələrində istehsalını, idxalını, satışını, saxlanmasını və çatdırılmasını əhatə edir. Qadağa BYD-nin gələn ilin əvvəlində kütləvi istehsala başlamağı planlaşdırdığı Macarıstan zavoduna da şamil olunur.
Qərarın pozulması halında şirkətə hər gecikmə günü üçün 100 min avro və ya hər pozuntuya görə 25 min avro cərimə tətbiq edilə bilər. Cərimənin ümumi məbləği 10 milyon avroyadək çata bilər.
BYD isə “Ti7” modelinin müstəqil dizayn əsasında hazırlandığını bildirərək qərardan apellyasiya şikayəti verəcəyini açıqlayıb. Bununla belə, məhkəmə prosesi davam etdiyi müddətdə Avropa İttifaqındakı qadağa qüvvədə qalacaq.
Digər tərəfdən, JLR əsas iddiasını altı ay ərzində qaldırmalıdır. Məhkəmə BYD-nin Böyük Britaniyadakı törəmə müəssisəsi üzərində yurisdiksiyasının olmadığını əsas gətirərək bu ölkədə satış qadağası tətbiq edilməsi tələbini rədd edib. Böyük Britaniyada “Ti7” modelinin satışına 2027-ci ilin yanvarında başlanması planlaşdırılır.
Qeyd edək ki, BYD 2026-cı ilin ilk doqquz ayında Avropada satışlarını ötən ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox artıraraq 280 min avtomobili ötüb.