2027-ci ildən ailələr haqqında bu məlumatlar toplanacaq – Yeni sistem işə düşür!
Azərbaycanda 2027-ci ildən ev təsərrüfatlarının uçotu elektron qaydada aparılacaq. Yeni sistem vasitəsilə ailələrin tərkibi, yaşayış şəraiti, məşğulluğu, sosial vəziyyəti, torpaq sahələri və fərdi təsərrüfat fəaliyyəti barədə məlumatlar toplanacaq.
Veten.Az xəbər verir ki, uçot prosesi ilk dəfə olaraq MyGov platformasında yaradılmış Ev təsərrüfatları altsistemi vasitəsilə tam elektron formada həyata keçiriləcək.
Toplanan məlumatlar vahid informasiya sistemində cəmləşdiriləcək və Elektron Hökumət İnformasiya Sistemi ilə inteqrasiya olunacaq.
İqtisadçı Eyyub Kərimli bildirib ki, ev təsərrüfatlarının uçotunun yenilənməsi ölkədə bu sahədə rəqəmsal məlumat bazasının formalaşmasına imkan verəcək.
Onun sözlərinə görə, bu məlumatlar gələcəkdə iqtisadi risklərin qiymətləndirilməsi, əhalinin real gəlirlərinin müəyyənləşdirilməsi və sosial müavinətlərin daha ünvanlı şəkildə təyin olunması baxımından əhəmiyyət daşıyacaq.
İqtisadçı qeyd edib ki, yeni uçot sistemi yaşayış məntəqələrinin sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsinə, demoqrafik proseslərin öyrənilməsinə, məşğulluq imkanlarının genişləndirilməsinə və regional layihələrin real ehtiyaclara uyğun planlaşdırılmasına da kömək edəcək.
Ekspert Xalid Kərimli isə hesab edir ki, yeni sistem dövlətin regionlarda yaşayan əhalinin sosial-iqtisadi vəziyyəti barədə daha dolğun məlumat əldə etməsinə şərait yaradacaq.
Onun fikrincə, xüsusilə kənd təsərrüfatı sahəsində vətəndaşların torpaq sahələrindən və fərdi təsərrüfatlarından necə istifadə etdikləri barədə məlumatların toplanması mövcud vəziyyətin düzgün qiymətləndirilməsinə imkan verəcək.
MyGov platforması üzərindən elektron uçotun aparılması məlumatların keyfiyyətini artıracaq, dövlət informasiya sistemlərindəki mövcud məlumatlardan istifadə etməklə vətəndaşlardan eyni məlumatların təkrar tələb olunmasını azaldacaq.
Beləliklə, yeni sistemin tətbiqi ev təsərrüfatları barədə məlumatların daha operativ, şəffaf və mərkəzləşdirilmiş qaydada toplanmasına xidmət edəcək.