Müharibə veteranlarına hansı güzəştlər düşür? Aylıq 80 manat, pulsuz təhsil və digər imtiyazlar
Azərbaycanda müharibə veteranları üçün bir sıra sosial güzəştlər və imtiyazlar nəzərdə tutulub. Bu hüquqlara aylıq Prezident təqaüdü, vergi güzəştləri, ödənişli təhsilin dövlət hesabına qarşılanması və məşğulluq proqramlarında üstünlük daxildir.
Veten.Az xəbər verir ki, müharibə veteranlarının sosial təminat hüquqları müvafiq qanunvericilik aktları ilə tənzimlənir.
Aylıq 80 manat Prezident təqaüdü
Müharibə veteranı statusu və müvafiq vəsiqə alan şəxslərə aylıq 80 manat Prezident təqaüdü ödənilir. Bu hüquq veteran vəsiqəsinin verildiyi tarixdən yaranır.
Vergi güzəştləri
Müharibə veteranı adı almış şəxslərin muzdlu işdən əldə etdikləri aylıq gəlirin 400 manatlıq hissəsi gəlir vergisi hesablanarkən vergitutma bazasından çıxılır. Bunun üçün statusu təsdiq edən sənəd əsas iş yerinə təqdim edilməlidir.
Ödənişli təhsil dövlət hesabına qarşılanır
Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərin dövlət, bələdiyyə və özəl təhsil müəssisələrində bakalavriat, magistratura və orta ixtisas səviyyələri üzrə ödənişli təhsil haqları dövlət büdcəsi hesabına ödənilir.
Məşğulluq və özünüməşğulluq imkanları
Müharibə veteranları məşğulluq proqramlarına növbədənkənar cəlb olunmaq imkanına malikdirlər. Onlar haqqı ödənilən ictimai işlərə və sosial iş yerlərinin birgə maliyyələşdirilməsi proqramına üstün qaydada cəlb edilə bilərlər.
Özünüməşğulluq proqramı çərçivəsində isə müvafiq şərtlərə cavab verən veteranlara kiçik ailə təsərrüfatı və müəssisələrinin yaradılması üçün aktivlər təqdim olunur.
Xəsarət alan hərbi qulluqçulara sığorta ödənişi
Hərbi qulluqçulara xidmət zamanı aldıqları xəsarətlərə görə əlillik müəyyən edilmədiyi halda, xəsarətin ağırlıq dərəcəsindən asılı olaraq birdəfəlik sığorta ödənişi nəzərdə tutulur. Ağır xəsarətə görə 2 750 manat, yüngül xəsarətə görə isə 550 manat ödənilir.
Qeyd edək ki, bu sığorta ödənişi bütün veteranlara deyil, qanunvericilikdə göstərilən şərtlərə uyğun xəsarət almış hərbi qulluqçulara aiddir.