“Giləzi”nin direktoru həbs edildi
“Giləzi-Quşçuluq Aqrar Sənaye Kompleksi” MMC-nin direktoru Elşən Usubov həbs edilib.
Veten.Az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində Elşən Usubov, kəsim sexinin rəisi Nazim Məmmədov və “Giləzi Quşçuluq Şirkəti” MMC-nin Müşahidə Şurasının sədri Mahir Mirzəyev barəsində qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara baxılıb.
Məhkəmənin qərarı ilə Elşən Usubov barəsində 2 ay 11 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Nazim Məmmədov və Mahir Mirzəyev isə ev dustaqlığına buraxılıblar.
İstintaq materiallarına əsasən, müəssisənin istehsalat sahəsində yararlılıq müddəti bitmiş, həmçinin istehsal tarixi 24 dekabr 2026-cı il kimi göstərilən toyuq əti və dondurulmuş toyuq hissələri aşkarlanıb.
Cinayət işi üzrə hər üç şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-3.2.2, 200-3.2.3 və 308.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslərin təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilməyib.