Azərbaycanda qızılca və suçiçəyi yayılıb? – Son vəziyyət
Azərbaycanda qızılcaya yoluxma hallarının sayında azalma müşahidə olunur. Səhiyyə Nazirliyi ölkədə qızılca və suçiçəyi ilə bağlı epidemioloji vəziyyətin nəzarət altında olduğunu açıqlayıb.
Veten.Az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin apardığı təhlillərə əsasən, son aylarda qızılcaya yoluxma hallarının sayı azalıb. Hazırda qeydə alınan yoluxmalar əsasən ayrı-ayrı, sporadik xarakter daşıyır.
Nazirliyin məlumatına görə, yoluxma halları daha çox qızılcaya qarşı peyvənd olunmamış və ya peyvənd kursunu tam başa çatdırmamış şəxslər arasında qeydə alınır.
Açıqlamada bildirilib ki, qızılcanın ilkin əlamətləri yüksək hərarət, halsızlıq, öskürək, burun axması, gözlərin qızarması və sulanmasıdır. Bir neçə gün sonra isə əsasən üzdən başlayaraq bədənin digər nahiyələrinə yayılan səpgilər meydana çıxır.
Qızılca pnevmoniya, otit və ensefalit kimi ciddi fəsadlara səbəb ola bilər. Bu səbəbdən xəstəliyin əlamətləri müşahidə edildikdə həkimə müraciət etmək və digər şəxslərlə təması məhdudlaşdırmaq tövsiyə olunur.
Səhiyyə Nazirliyi valideynlərə uşaqlarının Milli Peyvənd Təqviminə uyğun olaraq qızılca, parotit və məxmərəyə qarşı (QPM) peyvənd olunmasını təmin etməyi tövsiyə edib.
Suçiçəyi ilə bağlı vəziyyətə gəlincə, nazirlik ölkədə kütləvi yayılma və ya epidemioloji gərginliyin olmadığını bildirib. Ayrı-ayrı yoluxma halları qeydə alınsa da, epidemioloji nəzarət tədbirləri davam etdirilir.
Qeyd edək ki, son dövrlərdə dünyanın müxtəlif ölkələrində qızılcaya yoluxma hallarının artması beynəlxalq səhiyyə qurumlarının diqqət mərkəzindədir.