Hacıqabulda Namiq Babayevin ölümü ilə bağlı YENİ AÇIQLAMA: Kanalizasiya quyusu deyilmiş!
Hacıqabul rayonunda Namiq Babayevin açıq kanalizasiya quyusuna düşərək həyatını itirməsi barədə yayılan məlumat təkzib edilib. Hadisənin baş verdiyi ərazidə kanalizasiya şəbəkəsinin olmadığı açıqlanıb.
Veten.Az xəbər verir ki, bu barədə Regional Su Meliorasiya QSC-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi məlumat yayıb.
Bildirilib ki, Hacıqabul rayonunda ümumiyyətlə kanalizasiya şəbəkəsi mövcud deyil. İlkin araşdırmalar zamanı hadisənin yaşayış evlərinin həyətyanı sahələrindən axıdılan məişət sularının keçdiyi kiçik su arxında baş verdiyi müəyyən edilib.
Qurumun açıqlamasında qeyd olunub ki, həmin arxların dərinliyi, adətən, 15-20 santimetr olur və onların kanalizasiya infrastrukturu ilə heç bir əlaqəsi yoxdur.
Məlumata görə, mərhumun səhhətində problemlər olub. Onun səhhəti ilə əlaqədar müvazinətini itirməsi nəticəsində arxa düşməsi ehtimalı da istisna edilmir.
Namiq Babayevin ölümünün dəqiq səbəbi isə aparılacaq araşdırma və tibbi ekspertizanın nəticələrindən sonra məlum olacaq.