Xankəndi, Xocalı və Ağdərədə 335 nəfərə mənzillərin açarları verildi
Veten.Az xəbər verir ki, avqustun 21-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə, Xocalı rayonunun Badara, Xanyurdu, Xanabad, Ballıca və Təzəbinə kəndlərinə, eləcə də Ağdərə rayonunun Kolatağ, Həsənriz, Aşağı Oratağ və Çapar kəndlərinə növbəti köç həyata keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, köçürülən ailələr respublikanın müxtəlif bölgələrində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün ailələri arasından seçilib.
Bu mərhələdə Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 8 ailə – 36 nəfər, Xocalı rayonunun Badara kəndinə 5 ailə – 13 nəfər, Xanyurdu kəndinə 4 ailə – 10 nəfər, Xanabad kəndinə 8 ailə – 31 nəfər, Ballıca kəndinə 3 ailə – 8 nəfər, Təzəbinə kəndinə isə 14 ailə – 71 nəfər köçürülüb.
Ağdərə rayonunun Kolatağ kəndinə 12 ailə – 36 nəfər, Həsənriz kəndinə 6 ailə – 30 nəfər, Aşağı Oratağ kəndinə 12 ailə – 49 nəfər, Çapar kəndinə isə 15 ailə – 51 nəfər qayıdıb.
Beləliklə, bu gün ümumilikdə 335 nəfərdən ibarət 87 ailənin doğma yurda qayıdışı təmin olunub.
Köçürülən ailələrə evlərin açarları Xocalı şəhərində təqdim edilib. Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Mahmud Əfəndiyev iştirak ediblər.
Tədbirdə çıxış edən Səbuhi Qəhrəmanov sakinləri doğma torpaqlarına qayıdış münasibətilə təbrik edib. O, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa, tikinti və quruculuq işlərindən danışıb.
Bildirilib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması istiqamətində mühüm layihələr icra olunur. Görülən işlər başa çatdıqca keçmiş məcburi köçkünlərin mərhələli şəkildə doğma torpaqlarına qayıdışı təmin edilir.
Səbuhi Qəhrəmanov qeyd edib ki, qayıdan sakinlərin rahat və təhlükəsiz yaşayışı üçün bütün zəruri şərait yaradılır. Doğma yurdların yenidən qurulması və insanların öz torpaqlarına qayıtması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Doğma yurdlarına qayıdan sakinlər də yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, illər sonra öz torpaqlarında məskunlaşmağın sevincini bölüşüblər.
























