Azərbaycanın maliyyə naziri Sahil Babayevə yeni müavin təyin olunub.
Veten.Az bildirir ki, Prezident İlham Əliyevin 30 oktyabr 2026-cı il tarixli sərəncamı ilə Sadiq Cabir oğlu Əliyev maliyyə nazirinin müavini təyin edilib.
Sadiq Əliyev bu təyinata qədər Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb.
1984-cü ildə anadan olan Sadiq Əliyev Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsində bakalavr və magistr təhsilini fərqlənmə ilə başa vurub.
Əmək fəaliyyətinə 2005-ci ildə özəl sektorda başlayıb. 2006-2019-cu illərdə Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
2019-cu ildə İqtisadiyyat Nazirliyinin Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib.
2019-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri olub.
2024-cü ildə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri təyin edilib və 2026-cı ilin yanvarınadək bu vəzifədə çalışıb.
2026-cı il yanvarın 8-də Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru təyin olunub.
Sadiq Əliyev “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin və Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, üç övladı var.









































