Qarabağ Regional Təhsil İdarəsi ilə bağlı ciddi iddialar səsləndirildi
Veten.Az – Facebook sosial şəbəkəsində Mehman Gözəlov adlı istifadəçi Qarabağ Regional Təhsil İdarəsinin (QRTİ) maliyyə sektoru və bəzi müəllimlərin ödənişləri ilə bağlı bir sıra iddialar səsləndirib.
Paylaşımda Qarabağ Regional Təhsil İdarəsinin Maliyyə sektorunun müdiri kimi təqdim edilən Taleh Babayevin əvvəl Salyan-Şirvan Regional Təhsil İdarəsində mühasib vəzifəsində çalışdığı, daha sonra isə QRTİ-də fəaliyyətə başladığı iddia olunur.
Müəllif Taleh Babayevin QRTİ rəhbəri Sənan bəy ilə dostluq münasibətlərinin olduğunu və bu səbəbdən onun idarəyə gətirildiyini də iddia edib.
Müəllimlərin ödənişləri ilə bağlı iddia
Mehman Gözəlov paylaşımında tanıdığı bəzi müəllimlərin əvəzçilik qaydasında apardıqları dərs saatlarına və sinif rəhbərliyinə görə ödənişlərini ala bilmədiklərini yazıb.
İddialara görə, müəllimlər məsələ ilə bağlı idarəyə müraciət etdikdə onlara bunun dövlət büdcəsinə qənaətlə əlaqəli olduğu bildirilib.
Paylaşımda bu məsələyə münasibət bildirərkən müəllif belə yazıb:
“İdarəyə gedib səbəbini soruşduqda Taleh bəy kəsə Qarabağı deyir ki, dövlət büdcəsinə qənaət edirəm.”
Şəxsi xərclərlə bağlı da iddia səsləndirilib
Paylaşımda, həmçinin, adıçəkilən şəxsin spirtli içkiyə yüksək məbləğdə vəsait xərclədiyi barədə iddia yer alıb.
Müəllif yazır:
“Amma deyilənlərə görə bu qənaətcil oğlan gündə stəkanı 40 manat olan /gündə 4-5 stəkan/ Tekila içkisinə pul xərcləyir.”
Mehman Gözəlov paylaşımının sonunda qarşıdakı aylarda QRTİ-nin tabeliyində olan məktəb və bağçalarda aparılacaq təmir işlərinə də diqqət çəkərək, həmin işlər zamanı dövlət büdcəsindən ayrılan vəsaitlərin necə xərclənəcəyini izləyəcəyini bildirib.
Qeyd
Veten.Az olaraq ictimai əhəmiyyət daşıyan məsələlərlə bağlı tərəflərin mövqeyini öyrənməyə və təqdim olunan məlumatları mümkün qədər obyektiv şəkildə işıqlandırmağa davam edəcəyik.























