Kişinin kredit borcuna görə sevgililəri dalaşdı – Məhkəmə qərar verdi
Quba şəhərində bir kişinin ödəmədiyi kredit borcu iki qadın arasında davaya səbəb olub.
Veten.Az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində yerləşən “24 saat” marketin arxasında baş verib.
Məlumata görə, Selcan Məmmədova bir neçə il Asif adlı şəxslə (adlar şərtidir) qeyri-rəsmi münasibətdə olub. Həmin müddətdə kişi qadının adına kredit götürüb. Lakin münasibətləri bitdikdən sonra Asif kredit borcunu ödəməyib.
Daha sonra kişinin Gülnar adlı qadınla münasibət qurduğunu öyrənən Selcan onun işlədiyi kafeyə yollanıb. O, Gülnarı bayıra çağıraraq Asifin kredit borcunun niyə ödənilmədiyini soruşub.
Bu zaman qadınlar arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Gülnar Selcanı döyərək ona xəsarətlər yetirib.
Faktla bağlı cinayət işi açılıb. Məhkəmədə ifadə verən 36 yaşlı Gülnar bildirib ki, Selcan kredit borcunun ödənilməməsində onu günahlandırıb. Onun sözlərinə görə, mübahisə zamanı Selcan saçından tutaraq onu yolub, bundan sonra o, qarşı tərəfə zərbələr endirib.
Gülnar törətdiyi əmələ görə peşman olduğunu və zərərçəkmişlə barışdığını bildirib. Selcan da məhkəməyə ərizə təqdim edərək qarşı tərəfdən şikayət və tələbinin olmadığını qeyd edib.
Məhkəmənin qərarı ilə tərəflərin barışması nəzərə alınaraq cinayət təqibinə xitam verilib və Gülnar cinayət məsuliyyətindən azad olunub.