Biləsuvarda kişi həyat yoldaşını döyüb, bədənində siqaret söndürüb
Biləsuvar rayonunda kişinin həyat yoldaşını döydüyü və onun bədənində siqaret söndürdüyü bildirilir.
Veten.Az-ın məlumatına görə, hadisə rayonun Nərimankənd kəndində baş verib.
Məlumata əsasən, kənd sakini, 1981-ci il təvəllüdlü Mirzə Qulamov (ad və soyad şərtidir) evə gələrkən həyat yoldaşını evdə görməyib. Sonradan qadının əkin sahəsinə işləməyə getdiyi və bu barədə həyat yoldaşından icazə almadığı məlum olub.
Bundan sonra kişi həyat yoldaşını evə çağırıb. Onların arasında yaranan mübahisə zamanı Mirzə Qulamov qadını döyərək müxtəlif bədən xəsarətləri yetirib.
İddiaya görə, bununla kifayətlənməyən şəxs yandırdığı siqareti həyat yoldaşının sağ və sol qoluna basaraq onun bədəninə yanıq xəsarətləri yetirib.
Hadisə ilə bağlı polis əməkdaşları tərəfindən tədbirlər görülüb və M.Qulamov saxlanılıb.
Faktla bağlı cinayət işi başlanaraq məhkəməyə göndərilib. Biləsuvar Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında barışıq əldə edildiyi bildirilib. Bununla əlaqədar cinayət işinə xitam verilib.























