Bərdədə Amerika ağ kəpənəyinə qarşı mübarizə tədbirləri aparılıb
Bərdə rayonunda Amerika ağ kəpənəyinin yayılma vəziyyəti araşdırılıb, zərərvericiyə qarşı mübarizə tədbirləri həyata keçirilib.
Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsinin əməkdaşları tərəfindən Bərdə rayonunda fitosanitar monitorinq və maarifləndirmə tədbirləri keçirilib.
Veten.Az xəbər verir ki, tədbirlərin əsas məqsədi Amerika ağ kəpənəyinin yayılma vəziyyətinin öyrənilməsi, zərərvericinin qarşısının alınması və əhalinin mübarizə üsulları barədə məlumatlandırılması olub.
Monitorinq və maarifləndirmə işləri rayonun Alaçadırlı, Zümürxan və Qasımbəyli kəndlərində, həmçinin yolkənarı ərazilərdə aparılıb.
Zərərvericinin yayılmasının qarşısının alınması məqsədilə ərazilərdə mexaniki və kimyəvi mübarizə tədbirləri həyata keçirilib.
Bununla yanaşı, təsərrüfat sahibləri və vətəndaşlarla görüşlər keçirilərək Amerika ağ kəpənəyi və digər zərərvericilərə qarşı mübarizə üsulları barədə ətraflı məlumat verilib. Sakinlərə maarifləndirici bukletlər də paylanılıb.
AQTA əməkdaşları tərəfindən bu istiqamətdə monitorinqlərin və maarifləndirmə tədbirlərinin davam etdirilməsi nəzərdə tutulur.























