Azərbaycanda bir sıra rayon və şəhərlərdə icra hakimiyyəti başçısı vəzifəsi hələ də vakant qalır.
Veten.az xəbər verir ki, son təyinatlardan sonra hazırda ölkədə 5 rayon və şəhərin icra başçısı yoxdur.
Belə ki, Prezidentin sərəncamı ilə avqustun 4-də Naim Etibar oğlu Cahidzadə Naxçıvan Muxtar Respublikasının Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Culfa Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Onun Sədərəkdəki vəzifəsinə isə hələlik yeni təyinat həyata keçirilməyib.
Hazırda icra başçısı təyin olunmayan rayon və şəhərlər bunlardır:
- Naftalan şəhəri
- Sədərək rayonu
- Gədəbəy rayonu
- Ağdərə rayonu
- Qaradağ rayonu
Məlumata görə, 2025-ci il noyabrın 12-də Orxan Mürsəlov Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. O vaxtdan etibarən Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsi boş qalır.
Həmin gün Vüqar Novruzov da Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilərək Göygöl Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Onun yerinə də indiyədək yeni təyinat edilməyib.
Ağdərə Rayon İcra Hakimiyyəti isə 2023-cü ilin dekabr ayında Prezident İlham Əliyevin sərəncamı ilə yaradılıb. Lakin indiyədək rayonun icra başçısı təyin olunmayıb.
Qaradağ Rayon İcra Hakimiyyətinin sabiq başçısı Süleyman Mikayılov isə bu ilin yanvarın 30-da Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib. Hazırda Qaradağ Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini birinci müavin Emil Abbasov müvəqqəti olaraq icra edir.
Beləliklə, hazırda Azərbaycanda Naftalan şəhəri, Sədərək, Gədəbəy, Ağdərə və Qaradağ rayonlarında icra hakimiyyəti başçısı vəzifəsi vakant olaraq qalır.























