Lənkəranda dəhşətli qəza: 10 yaşlı uşağı avtomobil vuraraq öldürdü
Lənkəran rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtomobilin vurduğu 10 yaşlı uşaq xəstəxanada həyatını itirib.
Veten.az-ın xəbərinə görə, hadisə günorta saatlarında Lənkəran-Lerik magistral yolunun Darquba kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
C.Quluzadənin idarə etdiyi “VAZ-21011” markalı avtomobil yolu keçmək istəyən Darquba kənd sakini, 10 yaşlı Ə.Yusubzadəni vurub.
Ağır xəsarətlər alan uşaq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Zamin Rzayevin verdiyi məlumata görə, azyaşlı noyabrın 27-də saat 12 radələrində Təcili tibbi yardım şöbəsinə ağır vəziyyətdə hospitalizasiya olunub.
Həkimlərin apardığı reanimasiya tədbirlərinə baxmayaraq, çoxsaylı xəsarətlər alan 10 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
Hadisədən sonra sürücü ərazidən uzaqlaşsa da, polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.