Aliment 23 yaşa qədər ödənilməlidir! Yeni təklif parlamentdə müzakirəyə çıxarılıb
Nikahın pozulmasından sonra ali məktəbdə əyani təhsil alan övladlara aliment ödənilməsi müddətinin 18 yaşdan 23 yaşadək uzadılması təklif olunub.
Veten.Az xəbər verir ki, təkliflə Milli Məclisin deputatı Məlahhət İbrahimqızı parlamentin bugünkü plenar iclasında çıxış edib.
Deputat bildirib ki, hazırkı qanunvericiliyə əsasən, ailə başçısını itirmiş uşaqlara 18 yaşınadək, əyani təhsil aldıqları halda isə 23 yaşınadək dövlət tərəfindən aylıq müavinət verilir.
Lakin valideynləri boşanmış uşaqlar üçün aliment ödənişi, ümumi qaydaya görə, 18 yaş tamam olduqda dayandırılır.
Məlahhət İbrahimqızı qeyd edib ki, ali məktəbə qəbul olan gənclərin təhsil müddətində maddi dəstəyə ehtiyacı yaranır. Bu baxımdan, nikahın pozulması halında alimentin ödənilmə müddətinin də 23 yaşadək artırılmasını məqsədəuyğun hesab edib.
Təklif parlament rəhbərliyinin də diqqətini çəkib. Milli Məclisin sədri Sahibə Qafarova Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynliyə və Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevə məsələ ilə bağlı arayış hazırlayaraq təqdim etməyi tapşırıb.
Qeyd edək ki, bu, hələlik deputatın irəli sürdüyü təklifdir. Alimentin 23 yaşadək ödənilməsini nəzərdə tutan yeni qanun dəyişikliyinin qəbul edildiyi barədə məlumat yoxdur.