Şagirdlər üçün “mygov” platformasında fərdi hesablar yaradılacaq
Ölkədə rəqəmsal xidmətlərdən istifadənin genişləndirilməsi və təhsil sahəsində rəqəmsal imkanların inkişaf etdirilməsi istiqamətində yeni təşəbbüs həyata keçirilir. Belə ki, ümumi təhsil müəssisələrində şagirdlərin “mygov” platformasında fərdi hesablarının yaradılması ilə bağlı məlumatlandırma aparılır.
Veten.Az xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, təşəbbüsün əsas məqsədi hər bir şagirdin rəqəmsal mühitdə fərdi hesabının formalaşdırılması, təhsillə bağlı məlumatlara və müvafiq təhsil sənədlərinə daha rahat çıxış imkanının təmin edilməsidir.
Qeyd olunub ki, fərdi hesablar vasitəsilə şagirdlər təhsil xidmətlərindən daha operativ, rahat və əlçatan şəkildə yararlana biləcəklər.
Bu istiqamətdə valideynlərə mobil telefonlarına “mygov” tətbiqini yükləmək və ondan aktiv istifadə etmək tövsiyə olunur. Yaşı 7 və daha yuxarı olan şagirdlər üçün ayrıca fərdi hesabın yaradılması nəzərdə tutulur.
Hesabların yaradılması zamanı çətinliklə üzləşən valideynlərə ümumi təhsil müəssisələrində müvafiq məlumat və dəstək göstəriləcək.
Bildirilib ki, texniki baxımdan bir mobil telefonda bir neçə şagird üçün ayrıca “mygov” hesabı yaratmaq mümkündür.



































