Vətən müharibəsi iştirakçısı Xətai Aslanov Tərtər Rayon Mərkəzi Xəstəxanasında övladının müalicəsi ilə bağlı narazılığını dilə gətirib. O, məsələ ilə bağlı aidiyyəti qurumların araşdırma aparmasını tələb edir.
Veten.Az xəbər verir ki, 44 günlük Vətən müharibəsinin iştirakçısı Xətai Aslanov Tərtər Rayon Mərkəzi Xəstəxanasında psixoloq-həkim kimi fəaliyyət göstərdiyini bildirdiyi Təranə Əmraslanlı ilə bağlı ciddi iddialar səsləndirib.
Qazinin sözlərinə görə, autizm diaqnozu olan 4 yaşlı övladını müayinə və müalicə məqsədilə dəfələrlə həmin mütəxəssisə müraciət edib. Onun iddiasına əsasən, bir ildən artıq müddətdə uşağı xəstəxananın xidməti otağında keçirilən müalicə və məşğələlərə cəlb olunub, bu xidmətlərə görə isə ailə tərəfindən ödənişlər edilib.
Xətai Aslanovun ən ciddi narazılıqlarından biri azyaşlı övladına təyin olunduğunu bildirdiyi dərmanlarla bağlıdır. Qazi həmin preparatların narkotik tərkibli olduğunu iddia edib. Onun sözlərinə görə, dərmanların istifadəsindən sonra uşağın vəziyyətində müsbət dəyişiklik əvəzinə geriləmə müşahidə olunub.
Məsələ ilə bağlı bir sıra suallar yaranır: xəstəxananın xidməti otağında ödənişli məşğələlərin keçirilməsinə hansı əsasla icazə verilib? Uşağa təyin edilən preparatlar hansı tibbi göstərişlərə əsaslanıb? Müalicənin nəticələri və uşağın səhhətində baş verdiyi bildirilən dəyişikliklər araşdırılıbmı?
Qazinin bildirdiyinə görə, o, məsələ ilə bağlı bir neçə dövlət qurumuna müraciət edərək araşdırma aparılmasını və qanunvericiliyə uyğun tədbirlər görülməsini istəyib.
Azyaşlı uşağın sağlamlığı ilə bağlı səsləndirilən iddiaların obyektiv şəkildə araşdırılması xüsusi əhəmiyyət daşıyır. Bunun üçün uşağın tibbi sənədlərinin, təyin olunan preparatların və müalicə tarixçəsinin müvafiq mütəxəssislər tərəfindən qiymətləndirilməsi vacibdir.
Səhiyyə Nazirliyi, TƏBİB və digər aidiyyəti qurumların məsələyə münasibət bildirməsi, səsləndirilən iddiaların araşdırılması və nəticələrin ictimaiyyətə açıqlanması gözlənilir.
Qeyd edək ki, hazırda səsləndirilən iddiaların müstəqil şəkildə təsdiqləndiyinə dair məlumat təqdim edilməyib. Qarşı tərəfin mövqeyi və aidiyyəti qurumların açıqlaması dərc olunacağı təqdirdə, xəbərə əlavə ediləcək.
Veten.Az məsələni diqqətdə saxlayacaq.









































