Milli Məclisin deputatı Fatma Yıldırım 20 Noyabr – Ağdam şəhəri günü ilə bağlı Veten.Az-a açıqlama verib.
Deputat açıqlamasında qeyd edib ki, 20 Noyabr – Ağdam şəhəri günü xalqımızın tarixində xüsusi əhəmiyyət daşıyan, həm böyük qürur, həm də dərin tarixi yaddaş hissi ilə qeyd olunan əlamətdar gündür. Bu tarix Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasının, xalqımızın sarsılmaz iradəsinin və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfərin rəmzlərindən biridir.
Ağdam uzun illər Ermənistanın hərbi təcavüzü və işğalının ağır nəticələrini yaşayıb. 1993-cü il iyulun 23-də şəhərin və rayonun böyük hissəsinin işğal edilməsi nəticəsində minlərlə insan doğma yurd-yuvasından didərgin düşüb, yüzlərlə yaşayış və mədəniyyət obyekti dağıdılıb, tarixi və dini abidələrimiz vandalizmə məruz qalıb. Bir vaxtlar Qarabağın inkişaf etmiş şəhərlərindən biri olan Ağdam xarabalığa çevrilərək haqlı olaraq “Qafqazın Xirosiması” adlandırılıb.
Deputat bildirib ki, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə məhəl qoymayan Ermənistanın işğalçılıq siyasəti uzun illər davam edib. Lakin Azərbaycan heç vaxt öz tarixi torpaqlarının işğalı ilə barışmayıb. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi, uzaqgörən strategiyası və Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 2020-ci ildə Vətən müharibəsində tarixi Zəfər qazanılıb.
Fatma Yıldırım qeyd edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanata əsasən, noyabrın 20-də Ağdam rayonu Azərbaycana qaytarılıb. Beləliklə, şəhərin işğalına son qoyulub, minlərlə insanın həyatını xilas edən mühüm tarixi qərar həyata keçirilib. Bu gün Ağdamın azad edilməsi Azərbaycan xalqının birliyinin, dövlətimizin gücünün və cənab Prezident İlham Əliyevin qətiyyətli liderliyinin parlaq təzahürü kimi tariximizdə yaşayır.
Deputat vurğulayıb ki, Ağdamın azad olunması uğrunda döyüşlərdə iştirak edən hərbçilərimizin qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. 2020-ci il noyabrın 26-da təsis edilmiş “Ağdamın azad olunmasına görə” medalı ilə minlərlə hərbi qulluqçunun təltif edilməsi bu şanlı mübarizənin qəhrəmanlarının xidmətlərinə verilən yüksək dəyərin ifadəsidir. Ağdam uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini ehtiramla yad edir, qazilərimizə minnətdarlığımı bildirirəm.
Millət vəkili diqqətə çatdırıb ki, bu gün Ağdam tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri Ağdamda da ardıcıl şəkildə davam etdirilir. 2022-ci ildə təsdiq edilmiş şəhərin 2040-cı ilədək inkişafına dair Baş plan əsasında müasir, innovativ və dayanıqlı şəhər infrastrukturu yaradılır. Xarabalıqlar üzərində yeni Ağdam qurulur, yaşayış məhəllələri, sosial obyektlər, yollar və kommunikasiya xətləri inşa edilir.
Fatma Yıldırım Ağdamın iqtisadi potensialının bərpasının da xüsusi əhəmiyyət daşıdığını bildirib. Onun sözlərinə görə, 190 hektar ərazini əhatə edən Ağdam Sənaye Parkı Qarabağın sənaye və istehsal imkanlarının genişləndirilməsinə, sahibkarlığın inkişafına və yeni iş yerlərinin yaradılmasına mühüm töhfə verir. Bununla yanaşı, Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin, Muğam Mərkəzinin istifadəyə verilməsi, müasir hotel komplekslərinin fəaliyyətə başlaması şəhərin nəqliyyat, mədəniyyət və turizm potensialının inkişafında yeni imkanlar yaradır.
Deputat qeyd edib ki, ən sevindirici məqamlardan biri isə Ağdamın doğma sakinlərinə qovuşmasıdır. “Böyük Qayıdış” proqramı çərçivəsində şəhərə və kəndlərə köç prosesi davam edir. Artıq minlərlə keçmiş məcburi köçkün öz doğma yurduna qayıdaraq burada yeni həyata başlayıb. Ağdamın küçələrində yenidən həyatın canlanması, məktəblərin, sosial və ictimai obyektlərin fəaliyyətə başlaması Böyük Qayıdışın real nəticələridir.
Fatma Yıldırım hesab etdiyini bildirib ki, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində Ağdam yaxın illərdə Azərbaycanın ən müasir və dinamik inkişaf edən şəhərlərindən birinə çevriləcək, öz tarixi şöhrətini bərpa etməklə yanaşı, Qarabağın iqtisadi, mədəni və sosial həyatında mühüm mərkəzlərdən biri olacaq.
Deputat 20 Noyabr – Ağdam şəhəri günü münasibətilə bütün ağdamlıları və xalqımızı ürəkdən təbrik edib, doğma torpaqlarına qayıdan sakinlərə firavan həyat arzulayıb.
