Bakı Dövlət Universitetinin (BDU) Fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının dosenti Nəriman Süleymanovun (Qocatürk) ölümündən əvvəl yazdığı müraciət yayılıb.
Veten.Az xəbər verir ki, Nəriman Süleymanovun ölümündən əvvəl sosial şəbəkədə paylaşdığı müraciətdə özünə qarşı aparıldığını iddia etdiyi kampaniyadan bəhs olunur.
O, noyabrın 12-dən etibarən “Tələbə mediası” adlı səhifədə barəsində şər-böhtan kampaniyası aparıldığını bildirib.
N.Süleymanov müraciətində bir qrup qıza qarşı əxlaqsız hərəkətlərdə ittiham olunduğunu, lakin bu iddiaları təsdiqləyən heç bir sübutun olmadığını qeyd edib. O, yayılan məlumatların ailəsinə də mənəvi zərər vurduğunu iddia edib.
Dosent paylaşımında yaşadığı vəziyyətin onun üçün ağır olduğunu bildirərək intiharı seçdiyini yazıb və barəsində irəli sürülən ittihamlarla bağlı araşdırma aparılmasını istəyib.
Qeyd edək ki, Nəriman Qocatürk ötən gün vəfat edib. O, tanınmış jurnalist Şərəf Cəlilinin həyat yoldaşı olub. Cütlüyün iki oğlan övladı var.
Hadisənin bütün təfərrüatları və müraciətdə səsləndirilən iddiaların əsaslı olub-olmaması ilə bağlı rəsmi araşdırmanın nəticələri gözlənilir.
