Prezident İlham Əliyevin Zəfər Günü münasibətilə Xankəndidə etdiyi çıxışda səsləndirdiyi fikirlər Azərbaycanın tarixi Qələbəsinin siyasi və mənəvi əhəmiyyətini bir daha gündəmə gətirib.
Veten.Az xəbər verir ki, deputat Azər Allahverənov Globalinfoya açıqlamasında Prezidentin çıxışında diqqət çəkən məqamlardan birinin Xankəndidə Zəfər Muzeyinin yaradılması olduğunu bildirib.
Deputatın sözlərinə görə, muzeyin vaxtilə separatçı rejimin yerləşdiyi binada yaradılması xüsusi simvolik məna daşıyır. Bu addım həm separatçı qüvvələrə, həm də dünyanın müxtəlif bölgələrində separatçılıqdan əziyyət çəkən xalqlara mühüm mesajdır.
Azər Allahverənov qeyd edib ki, Azərbaycan ərazi bütövlüyünü bərpa etməklə yanaşı, öz torpaqlarında separatçı rejimin fəaliyyətinə də son qoyub. Onun fikrincə, ölkəmiz beynəlxalq hüquqa sadiqliyini əməli addımları ilə nümayiş etdirib.
Deputat torpaqlarımızın işğaldan azad edilməsinin BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulan özünümüdafiə hüququ çərçivəsində həyata keçirildiyini vurğulayıb.
O, həmçinin separatçı rejimin keçmiş nümayəndələrinin, o cümlədən Arayik Arutyunyanın Bakıda hərbi cinayətlər üzrə keçirilən məhkəmədə verdikləri ifadələrə diqqət çəkib.
Deputat bildirib ki, həmin ifadələr Ermənistanın törətdiyi cinayətlərin miqyasını bir daha üzə çıxarır. Məhkəmə prosesində vandalizm, ekosid, urbansid və Azərbaycanın mədəni irsinə qarşı törədilmiş cinayətlərlə bağlı faktlar gündəmə gətirilir.
Azər Allahverənovun sözlərinə görə, Azərbaycan işğal dövründə öz həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırmağa çalışsa da, bir çox hallarda ikili standartlarla və etinasız münasibətlə üzləşib. Təqdim olunan faktların görməzdən gəlindiyini bildirən deputat separatçı rejimin nümayəndələrinin məhkəmədəki ifadələrinin həmin həqiqətləri bir daha təsdiqlədiyini qeyd edib.
Deputat vurğulayıb ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər Azərbaycana öz haqlı mövqeyini bütün dünyaya çatdırmaq, torpaqlarını işğaldan azad etmək və həmin ərazilərdə törədilmiş vandalizm faktlarını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq imkanı verib.

