Milli Məclisin deputatı Fatma Yıldırım 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə Veten.Az-a açıqlamasında Azərbaycan Respublikasının Dövlət Bayrağının xalqımızın milli qürur və iftixar hisslərini özündə birləşdirən, dövlət müstəqilliyimizin və suverenliyimizin rəmzi olduğunu bildirib.
Deputat qeyd edib ki, üçrəngli bayrağımız əsrlər boyu xalqımızın qəlbində yaşatdığı azadlıq arzusunun, milli kimliyimizin və müstəqil dövlətçilik iradəmizin təcəssümüdür.
Azərbaycanın üçrəngli Dövlət Bayrağının tarixinin 1918-ci il noyabrın 9-dan başladığını vurğulayan Fatma Yıldırım bildirib ki, həmin gün Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti tərəfindən qəbul edilən bayraq müstəqil dövlətimizin ilk rəmzlərindən biri kimi tarixə düşüb. Bayrağımızın rənglərində ifadə olunan türkçülük, müasirlik və islamçılıq prinsipləri xalqımızın milli-mənəvi dəyərlərini, tarixi köklərini və mütərəqqi dünyagörüşünü özündə birləşdirir.
Deputat üçrəngli bayrağımızın yenidən dövlətçilik tariximizə qaytarılmasında Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərinin xüsusi qeyd olunmalı olduğunu bildirib. Qeyd edib ki, 1990-cı il noyabrın 17-də Ulu Öndərin təşəbbüsü və rəhbərliyi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sessiyasında üçrəngli bayrağımızın qaldırılması milli dövlətçilik tariximizin dönüş nöqtələrindən biri olub. Bu tarixi qərar Azərbaycanın müstəqilliyinə gedən yolda mühüm siyasi və mənəvi addım idi. 1991-ci il fevralın 5-də isə Azərbaycan Respublikasının Ali Soveti üçrəngli bayrağımızı yenidən Dövlət Bayrağı elan edib. Müstəqilliyimizin bərpası haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə bu müqəddəs rəmz dövlətçilik atributumuz kimi öz layiqli yerini tutub.
Fatma Yıldırım vurğulayıb ki, bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Bayrağı dünyanın müxtəlif ölkələrində, beynəlxalq təşkilatların qarşısında və ölkəmizin bütün guşələrində qürurla dalğalanır. Dövlət başçısının həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində dövlət rəmzlərimizin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.
Deputat xüsusilə 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərin üçrəngli bayrağımızın mənəvi və siyasi mahiyyətini daha da ucaltdığını qeyd edib. Bildirib ki, Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi, suverenliyimizin tam bərpası və dövlət bayrağımızın Qarabağda, Şərqi Zəngəzurda, Şuşada, Xankəndidə dalğalanması xalqımızın çoxəsrlik dövlətçilik tarixinin ən möhtəşəm hadisələrindəndir.
Fatma Yıldırım qeyd edib ki, cənab Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə səfərləri zamanı Dövlət Bayrağımızı ucaltması xalqımızın qürurunu, milli iradəsini və tarixi ədalətin bərpasını nümayiş etdirən unudulmaz anlara çevrilib. Bu gün Şuşada, Xankəndidə və digər azad edilmiş şəhər və kəndlərimizdə dalğalanan bayrağımız tarixi Qələbəmizin, ərazi bütövlüyümüzün və dövlət suverenliyimizin rəmzidir.
Deputat Bakıda Dövlət Bayrağı Meydanının yaradılmasının, burada Dövlət Bayrağı Muzeyinin fəaliyyətinin təmin edilməsinin də dövlət rəmzlərimizə göstərilən yüksək ehtiramın ifadəsi olduğunu vurğulayıb. O bildirib ki, 2024-cü il noyabrın 8-də meydanın yenidən açılması və cənab Prezident İlham Əliyev tərəfindən Dövlət Bayrağımızın ucaldılması Zəfərimizin ildönümü ərəfəsində xüsusi rəmzi məna daşıyan hadisə kimi yadda qalıb.
Fatma Yıldırım bildirib ki, Dövlət Bayrağımızın hər bir rəngi, üzərindəki aypara və səkkizguşəli ulduz xalqımızın tarixi, milli kimliyi və gələcəyə baxışını özündə əks etdirir. Bu bayraq bizi birləşdirən, milli həmrəyliyimizi gücləndirən, azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməyimizə xidmət edən müqəddəs dövlətçilik rəmzidir.
Deputat hesab edir ki, hər bir Azərbaycan vətəndaşı, xüsusilə gənc nəsil Dövlət Bayrağımızın tarixi və mənəvi dəyərini dərindən dərk etməli, ona daim hörmət və ehtiramla yanaşmalıdır. Çünki bayrağa sevgi Vətənə sevgidir, dövlətə sədaqətdir, müstəqilliyimizə sahib çıxmaq məsuliyyətidir.
Sonda Fatma Yıldırım 9 Noyabr – Dövlət Bayrağı Günü münasibətilə bütün Azərbaycan xalqını təbrik edib, müstəqil dövlətimizin, suverenliyimizin və milli birliyimizin rəmzi olan üçrəngli bayrağımızın daim yüksəklərdə dalğalanmasını arzulayıb.

