Deputat Qüdrət Həsənquliyev şəhid ailələri, müharibə əlilləri və hərbçilərin mənzillə təmin olunması ilə bağlı yeni təklif irəli sürüb.
Veten.Az xəbər verir ki, deputat bu barədə Milli Məclisin bir neçə komitəsinin birgə iclasında çıxışı zamanı danışıb.
O bildirib ki, bəzi hallarda şəhid ailələrinə, müharibə əlillərinə və hərbçilərə mənzil əvəzinə pul vəsaitinin verilməsi təklif olunur.
Deputatın sözlərinə görə, bu halda vətəndaşlar öz seçimlərinə uyğun olaraq ailələrinin yaşadığı ərazidə, rayon və kəndlərdə mənzil ala, yaxud torpaq sahəsi əldə edərək ev tikdirə bilərlər.
Qüdrət Həsənquliyev qeyd edib ki, hökumət bu məsələni ciddi şəkildə nəzərdən keçirməlidir:
“Onlar istədiyi yerdən, bəlkə də valideynlərinə yaxın ərazidən ev almaq, yaxud kəndə gedib torpaq alıb ev tikdirmək istəyirlər. Bəzən elə yerdə evlər tikilir ki, kimsə həmin ərazidə yaşamaq istəmir”.
Deputatın təklifi mənzillə təminat mexanizmində vətəndaşların seçim imkanlarının genişləndirilməsi məsələsini gündəmə gətirib.

