Azərbaycanda müəllimlərin yeni etik davranış qaydaları təhsil mühitində müzakirələrə səbəb olub. Şagirdlərə qarşı fiziki və psixoloji zorakılığın bütün formalarının qadağan edilməsi fonunda müəllimlərin intizamı təmin etmək imkanları ilə bağlı narahatlıqlar səsləndirilir.
Veten.Az xəbər verir ki, təhsil eksperti Məzahir Məmmədli yeni qaydaların müəllimlərin şagirdlərə təsir imkanlarını daha da məhdudlaşdırdığını düşünür.
Ekspertin sözlərinə görə, müəllimlərin nüfuzunun qorunması üçün şagirdlərin davranışlarına təsir edə biləcək müəyyən mexanizmlər olmalıdır.
O bildirib ki, hazırda şagirdin aşağı qiymət alması onun gələcəkdə attestat əldə etməsinə mane olmur. Bu isə bəzi şagirdlərdə dərsə hazırlıq və intizam baxımından arxayınlıq yarada bilər.
M.Məmmədli hesab edir ki, müəllimin əlində şagirdin dərsə davamiyyətinə, biliyinə və davranışına təsir göstərə biləcək əlavə vasitələr olmalıdır. Ekspert vurğulayıb ki, söhbət fiziki və ya psixoloji zorakılıqdan deyil, intizam mexanizmlərindən gedir.
Onun fikrincə, müəllimə qarşı etinasız münasibətin artması təhsil prosesində ciddi problemlər yarada bilər.
Ekspert şagirdlərin gələcək təhsil və karyera həyatına təsir göstərə biləcək yeni mexanizm də təklif edib.
Məzahir Məmmədli beynəlxalq təcrübədə tətbiq olunan xasiyyətnamə və referans sisteminin Azərbaycanda da tətbiq edilməsini vacib sayır.
Təklifə əsasən, 11-ci sinfi bitirən şagirdlərin attestatına buraxılış imtahanlarının nəticələri ilə yanaşı, məktəbdəki davranışları barədə müəllim və məktəb rəhbərliyinin rəyi də əlavə edilə bilər.
Ekspert hesab edir ki, belə bir rəy gələcəkdə şagirdlərin ali və peşə təhsili müəssisələrinə qəbulunda, eləcə də əmək bazarında seçim prosesində nəzərə alına bilər.
M.Məmmədlinin fikrincə, bu mexanizm müəllim nüfuzunun qorunmasına və məktəblərdə nizam-intizamın gücləndirilməsinə kömək edə bilər.
Qeyd edək ki, referans sisteminin tətbiqi ilə bağlı səsləndirilən fikirlər ekspertin təklifidir. Bu barədə rəsmi qərar açıqlanmayıb.

