Azərbaycanda qaz və işıq limitləri dəyişə bilər – Deputatdan QIŞA GÖRƏ YENİ TƏKLİF!

Azərbaycanda qaz və işıq limitləri dəyişə bilər – Deputatdan QIŞA GÖRƏ YENİ TƏKLİF!

Azərbaycanda qış mövsümü ilə əlaqədar əhali üçün təbii qaz və elektrik enerjisi limitlərinin yenidən nəzərdən keçirilməsi təklif olunur. Yeni yanaşma qəbul edilərsə, xüsusilə dağlıq rayonlarda yaşayan sakinlər qazdan daha aşağı tariflərlə istifadə edə bilərlər.

Veten.Az xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qaz və elektrik enerjisi tariflərinə yenidən baxılmasının vacibliyini açıqlayıb.

Hazırda Azərbaycanda əhali üçün təbii qazın illik istehlak limitləri belədir:

  • 1200 kubmetrədək – hər kubmetr üçün 12,5 qəpik;
  • 1200–2500 kubmetr – hər kubmetr üçün 22 qəpik;
  • 2500 kubmetrdən artıq – hər kubmetr üçün 30 qəpik.

Elektrik enerjisi üzrə aylıq tariflər isə aşağıdakı kimidir:

  • 200 kVt/saatadək – 8,4 qəpik;
  • 200–300 kVt/saat – 10 qəpik;
  • 300 kVt/saatdan yuxarı – 15 qəpik.

Vüqar Bayramovun sözlərinə görə, xüsusilə dağlıq rayonlarda yaşayan əhalinin qaz limitlərinə yenidən baxılmalıdır. Çünki qış aylarında havaların kəskin soyuması istilik ehtiyacını artırır və bu da vətəndaşların kommunal xərclərinin yüksəlməsinə səbəb olur.

Deputat təklif edir ki, dağlıq ərazilərdə yaşayan sakinlər üçün daha yüksək limitlər və aşağı tariflər tətbiq edilsin.

O, elektrik enerjisi ilə bağlı da fərqli tarif mexanizminin tətbiqini vacib sayır. Belə ki, beynəlxalq təcrübəyə uyğun olaraq gecə və gündüz elektrik enerjisi tariflərinin fərqləndirilməsi təklif olunur.

Bayramovun fikrincə, gecə saatlarında daha ucuz elektrik tariflərinin tətbiqi xüsusilə sahibkarların və istehsal müəssisələrinin xərclərinin azalmasına kömək edə bilər.

Deputat bildirib ki, bu təkliflər artıq komitə iclaslarında səsləndirilib. Müvafiq dövlət qurumu tərəfindən qiymətləndirmə aparıldıqdan sonra məsələ ilə bağlı qərar qəbul edilə bilər.

Qeyd edək ki, hazırda qaz və işıq limitlərinin dəyişdirilməsi ilə bağlı qüvvəyə minmiş yeni qərar yoxdur. Səsləndirilən fikirlər deputatın təklifləridir.