Bərdədə musiqi məktəbinin müəllimi təhqirə görə məhkum edilib
Bərdə rayonunda musiqi məktəbində çalışan müəllim sosial şəbəkədə bir şəxsi və onun ailə üzvlərini təhqir etdiyinə görə məhkəmə tərəfindən cəzalandırılıb.
Veten.Az xəbər verir ki, Qaynarinfo-nun məlumatına görə, 1993-cü il təvəllüdlü G.R. Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinib.
Məhkəmə materiallarına əsasən, G.R. “TikTok” sosial şəbəkəsində yaratdığı səhifələrdə Şahin adlı şəxsin və onun ailə üzvlərinin ünvanına təhqiramiz ifadələr işlədib. O, paylaşım və canlı yayımlar zamanı həmin şəxsin şərəf və ləyaqətini alçaldan fikirlər səsləndirib, keçmiş həyat yoldaşı və uşaqları barədə də təhqiramiz ifadələr paylaşıb.
Şikayətçi bildirib ki, müəllim uzun müddət onu şantaj edib, sosial şəbəkələrdə onun haqqında həqiqətə uyğun olmayan məlumatlar yayıb və ailəsinin nüfuzuna xələl gətirib. O, G.R.-nin cinayət məsuliyyətinə cəlb olunmasını istəyib.
G.R. isə ittihamları qəbul etməyib. O, tərəflər arasında şəxsi münaqişənin olduğunu və Şahinin də onu narahat etdiyini iddia edib. Müəllim “TikTok” səhifələrini bağladığını bildirib. Himayəsində iki azyaşlı uşağının olduğunu, onlardan birinin ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edərək məhkəmədən yüngül cəza istəyib.
Məhkəmə araşdırması zamanı sosial şəbəkədə yayılan görüntülər tədqiq olunub və G.R.-nin şikayətçiyə qarşı təhqiramiz ifadələr işlətməsi sübuta yetirilib. Tərəflər arasında mediasiya qaydasında barışıq sazişi bağlansa da, şikayətçi müəllimin cəzalandırılmasında israr edib.
Məhkəmənin hökmü ilə G.R. 8 ay müddətinə islah işləri cəzasına məhkum edilib. Onun aylıq qazancının 10 faizi dövlət nəfinə tutulacaq.










































