Bərdədə dəm qazı faciəsi: 18 yaşlı gəlin həyatını itirdi
Bərdə rayonunda dəm qazından zəhərlənən ər-arvaddan biri vəfat edib.
Veten.Az xəbər verir ki, hadisə rayonun Əliyanlı kəndində gecə saat 03:00 radələrində baş verib.
23 yaşlı Kənan İmaməliyev və onun həyat yoldaşı, 18 yaşlı Pərvanə Hüseynova yaşadıqları fərdi yaşayış evində dəm qazından zəhərlənərək huşsuz vəziyyətə düşüblər.
Vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub. Hadisə yerinə cəlb edilən FHN-in Qarabağ Regional Mərkəzinin xilasediciləri xüsusi vasitələrlə qapını açaraq evə daxil olublar.
Huşsuz vəziyyətdə aşkarlanan ər-arvada ilkin yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıblar. Həkimlərin səylərinə baxmayaraq, 18 yaşlı Pərvanə Hüseynovanın həyatını xilas etmək mümkün olmayıb. Kənan İmaməliyevin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.