Ərini yandırdığı üçün saxlanılan dörd uşaq anasının övladları ilə görüş anı sosial şəbəkələrdə böyük diqqət çəkib. Uzun müddət analarından ayrı qalan uşaqların onunla qucaqlaşması izləyənləri duyğulandırıb.
Veten.Az xəbər verir ki, görüntüləri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosial şəbəkə hesabında paylaşıb.
Mehriban Zeynalovanın sözlərinə görə, 14 yaşında valideynlərini itirən qadın yetkin yaşlı şəxslə qeyri-rəsmi ailə qurub və uzun illər ağır məişət zorakılığına məruz qalıb.
Hadisə 2026-cı il avqustun 20-də baş verib. Həmin gün qadının həyat yoldaşı evə benzin gətirərək ailə üzvlərini yandıracağı ilə hədələyib.
Övladlarının həyatından narahat olan qadın kişinin ayağına benzin tökərək onu yandırıb.
Hadisədən sonra qadın dövlət qurumlarına müraciət edərək həbs olunmasını istəsə də, qarşı tərəfin şikayəti olmadığı üçün saxlanılmayıb. Daha sonra sığınacağa yerləşdirilib.
M.Zeynalovanın bildirdiyinə görə, qadın sənədləşmə işləri ilə əlaqədar ASAN Xidmətə gedərkən polis əməkdaşları tərəfindən saxlanılıb. 48 saatlıq saxlanılmadan sonra məhkəmə prosesi keçirilənədək yenidən sığınacağa qaytarılıb.
Bu müddət ərzində qadının dörd övladı analarının yolunu gözləyib. Nəhayət, ötən gecə uşaqlar analarına qovuşublar.
Mehriban Zeynalova hazırda məhkəmənin qərarının gözlənildiyini bildirib. Onun sözlərinə görə, əsas arzuları ananın övladlarından ayrı düşməməsi və onların yanında qala bilməsidir.
Hadisə ilə bağlı məhkəmənin hansı qərarı verəcəyi maraqla gözlənilir.

