Şəkidə bağçada 58 MİN MANATLIQ MƏNİMSƏMƏ – Sabiq müdirə HÖKM OXUNDU!

Şəkidə bağçada 58 MİN MANATLIQ MƏNİMSƏMƏ – Sabiq müdirə HÖKM OXUNDU!

Şəkidə külli miqdarda mənimsəmədə və vəzifə saxtakarlığında təqsirləndirilən uşaq bağçasının sabiq müdiri Ruziyyə Mahmudova barəsində məhkəmə hökmü çıxarılıb.

Veten.Az xəbər verir ki, Şəki şəhərində yerləşən körpələr evi-uşaq bağçasının sabiq müdiri Ruziyyə Mahmudovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Məhkəmənin hökmü ilə R.Mahmudova iki il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə beş il müddətinə azadlıqdan məhrum edilib.

Lakin Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəzanın üç ili sınaq müddəti müəyyən edilməklə şərti hesab edilib.

İttihama görə, Ruziyyə Mahmudovanın bağçaya rəhbərlik etdiyi dövrdə ayrılan maliyyə vəsaitlərinin mənimsənilməsi ilə bağlı şübhələr yaranıb. Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

İstintaq zamanı müəyyən edilib ki, sabiq müdir bir neçə nəfəri bağçaya işə qəbul etsə də, həmin şəxslər faktiki olaraq əmək funksiyalarını yerinə yetirməyib və işə gəlməyiblər.

Araşdırmalar nəticəsində məlum olub ki, bağçanın əməkhaqqı fondu üçün ayrılmış ümumilikdə 58 min 509 manat 53 qəpik vəsait mənimsənilib.

Beləliklə, Şəkidə uşaq bağçasının sabiq rəhbəri barəsində məhkəmə prosesi yekunlaşıb və hökm elan edilib.