Azərbaycanda tanışını diri-diri yandıraraq öldürdülər: 4 nəfərə hökm oxundu

Azərbaycanda tanışını diri-diri yandıraraq öldürdülər: 4 nəfərə hökm oxundu

Gəncədə tanışını xüsusi amansızlıqla qətlə yetirməkdə təqsirləndirilən dörd nəfərin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Veten.Az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən sonuncu iclasda hökm elan olunub.

Məhkəmənin hökmü ilə Pərviz Kazımov 18 il 6 ay, Gündüz Kazımov 17 il 6 ay, Elməddin Kazımov 17 il, Niyaməddin Kazımov isə 17 il müddətinə azadlıqdan məhrum edilib.

İttiham aktına əsasən, hadisə 2024-cü ilin iyun ayında baş verib. Belə ki, təqsirləndirilən şəxslərlə Muraz Məmmədov və Eltəkin Zeynalov arasında mübahisə yaranıb. Münaqişəyə səbəb Pərviz Kazımovun qonşuluqda baş vermiş oğurluq hadisəsinə görə Muraz Məmmədovdan şübhələnməsi və bu barədə onun anasına məlumat verməsi olub.

Muraz Məmmədov buna görə Pərviz Kazımova iradını bildirib. Bundan sonra Pərviz Kazımov qohumları ilə birlikdə onu öldürmək planı qurub.

Təqsirləndirilən şəxslər məsələni aydınlaşdırmaq bəhanəsi ilə Muraz Məmmədov və Eltəkin Zeynalovla görüş təyin ediblər. Pərviz Kazımov görüşə əvvəlcədən hazırladığı plastik qabda benzin və dəmir boru ilə gəlib.

Görüş zamanı onlar Muraz Məmmədov və Eltəkin Zeynalovu zərərsizləşdirərək hərəkət imkanlarını məhdudlaşdırıb, daha sonra dəmir boru ilə onlara zərbələr endiriblər. Ardınca benzin yandırılaraq onların üzərinə atılıb.

Hadisə nəticəsində Muraz Məmmədov həyatını itirib. Eltəkin Zeynalov isə müxtəlif dərəcəli bədən xəsarətləri və yanıqlar alıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin qəsdən adam öldürmə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, eləcə də iki və ya daha çox şəxsi öldürməyə cəhd maddələri ilə ittiham olunublar.