Azərbaycanda sinir sistemi xəstəlikləri ilə bağlı qeydə alınan yeni diaqnozların sayında artım müşahidə olunur.
Veten.Az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2024-cü ildə ölkədə 89 min 370 nəfərə ilk dəfə sinir sistemi xəstəliyi diaqnozu qoyulub. 2025-ci ildə isə bu göstərici 105 min 758 nəfərə yüksəlib.
Beləliklə, bir il ərzində yeni qeydə alınan diaqnozların sayı 16 min 388 nəfər, başqa sözlə, 18,3 faiz artıb.
Mütəxəssislər sinir sistemi ilə əlaqəli əlamətlərə laqeyd yanaşmamağı tövsiyə edirlər. Xüsusilə davamlı baş ağrıları, ətraflarda keyimə, tarazlıq pozuntusu, yaddaş problemləri, əzələ zəifliyi və görmə dəyişiklikləri müşahidə olunduqda həkim müayinəsindən keçmək vacibdir.
Qeyd edək ki, bu əlamətlər müxtəlif səbəblərdən yarana bilər və onların olması mütləq sinir sistemi xəstəliyinin mövcudluğu demək deyil. Dəqiq diaqnoz yalnız tibbi müayinə əsasında müəyyən edilir.
Mütəxəssislər sağlamlığın qorunması üçün vaxtında müayinədən keçməyi, fiziki aktivliyi artırmağı və sağlam həyat tərzinə üstünlük verməyi tövsiyə edirlər.
Veten.Az

