Gəncədə müəmmalı ölüm: 35 yaşlı kişinin meyiti dostunun evindən tapıldı
Gəncədə baş verən müəmmalı hadisə ciddi narahatlıq yaradıb. 35 yaşlı kişinin meyiti öz evində deyil, qonşusu və dostunun yaşadığı mənzildə aşkarlanıb.
Veten.Az xəbər verir ki, hadisə şəhərin Muxtar Hacıyev küçəsində yerləşən yaşayış binalarından birində qeydə alınıb.
Məlumata görə, şəhər sakini, 1991-ci il təvəllüdlü K. Nurəhmədlinin meyiti qonşusu, eyni zamanda dostu olan şəxsin evində tapılıb.
Hadisə ilə bağlı dərhal polis və prokurorluq əməkdaşlarına məlumat verilib. Əraziyə cəlb olunan hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb.
İlkin məlumata görə, K. Nurəhmədli hadisədən bir gün əvvəl toy mərasimində iştirak edib. Daha sonra axşam saatlarında sərxoş vəziyyətdə dostunun evinə gəldiyi bildirilir.
35 yaşlı kişinin hansı şəraitdə və hansı səbəbdən öldüyü hələlik məlum deyil.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır. Ölümün dəqiq səbəbi müvafiq araşdırmaların nəticəsində müəyyən ediləcək.









































