Pensiyaçılar üçün kommunal kart tətbiq edilə bilərmi? – İqtisadçıdan AÇIQLAMA
Pensiyaya çıxmış vətəndaşların kommunal xərclərinin bir hissəsinin dövlət tərəfindən qarşılanması ilə bağlı təkliflər yenidən gündəmə gəlib. Xüsusilə aztəminatlı pensiyaçılara elektrik enerjisi, qaz və su xərclərinin ödənilməsi üçün müəyyən limitlərlə kommunal kartların təqdim edilməsi məsələsi müzakirə olunur.
Veten.Az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli bu cür mexanizmin tətbiqi üçün ayrıca qanun dəyişikliyinə ehtiyac olmadığını bildirib.
Onun sözlərinə görə, məsələ Nazirlər Kabineti və Tarif (Qiymət) Şurasının səlahiyyətləri çərçivəsində həll edilə bilər.
İqtisadçı qeyd edib ki, belə bir qərarın qəbul olunması üçün Nazirlər Kabinetinin və Tarif Şurasının müvafiq qərarı kifayət edə bilər. Bunun üçün qanunvericiliyə dəyişiklik edilməsinin zəruri olmadığını vurğulayan Cəfərli məsələnin dövlət qurumlarının səlahiyyətində olduğunu bildirib.
Bununla yanaşı, hazırda pensiyaçılar üçün belə bir kommunal dəstək mexanizminin tətbiq ediləcəyini söyləməyin mümkün olmadığı qeyd olunur.
Beləliklə, aztəminatlı pensiyaçılar üçün kommunal ödənişlərə müəyyən limit çərçivəsində dövlət dəstəyinin göstərilməsi hüquqi baxımdan ayrıca qanun dəyişikliyi olmadan da mümkün ola bilər. Bunun üçün aidiyyəti dövlət qurumlarının qərar qəbul etməsi və mexanizmin tətbiqi qaydalarını müəyyənləşdirməsi tələb olunur.











































