Xudat şəhərində kommunal xidmətlərin daha səmərəli təşkili və ərazilərin təmizliyinin təmin olunması məqsədilə yeni texnika və müasir məişət tullantıları qutuları ayrılıb.
Veten.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin regionların sosial-iqtisadi inkişafına, şəhər və rayonlarda kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə göstərdiyi diqqət və qayğının davamı olaraq, Xaçmaz Rayon İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Xudat şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin maddi-texniki bazası gücləndirilib.
Kommunal xidmətlərin daha operativ və səmərəli təşkili məqsədilə birliyin balansına bir ədəd xüsusi təyinatlı texnika və 80 ədəd müasir tipli məişət tullantıları qutusu ayrılıb.
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Şahbazov cavabdeh şəxslərin iştirakı ilə Xudat şəhərində yeni ayrılmış kommunal texnikaya baxış keçirib.
Yeni texnika və avadanlıqların istifadəyə verilməsi məişət tullantılarının vaxtında toplanaraq daşınmasına, şəhər ərazisində təmizliyin qorunmasına və sanitariya-gigiyena vəziyyətinin yaxşılaşdırılmasına mühüm töhfə verəcək.
Görülən işlər Xudat şəhərində kommunal xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, şəhər mühitinin daha təmiz və səliqəli saxlanılmasına, eləcə də sakinlər üçün daha əlverişli yaşayış şəraitinin yaradılmasına xidmət edir.










































