Tərtər rayonunda şəhid ailələrinin müraciətlərinin diqqətdə saxlanılması və onların qarşılaşdıqları problemlərin həlli istiqamətində tədbirlər davam etdirilir.
Veten.Az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən həm icra hakimiyyətində, həm də yerlərdə mütəmadi olaraq vətəndaş qəbulları keçirilir. Qəbullar zamanı sakinlərin müraciətləri dinlənilir, onları narahat edən məsələlər araşdırılır və problemlərin həlli istiqamətində müvafiq tədbirlər görülür.
Belə müraciətlərdən biri də şəhid Hüseynov Elnurun atası Əhliman Hüseynov tərəfindən edilib. O, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı ilə keçirilən qəbul zamanı yaşadıqları küçəyə şebel tökülərək hamarlanmasına köməklik göstərilməsini xahiş edib.
Müraciət əsasında rayon icra hakimiyyəti başçısının tapşırığına uyğun olaraq, Kəbrli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin və Qaradağlı bələdiyyəsinin təşkilatçılığı ilə şəhid ailəsinin yaşadığı küçəyə şebel tökülüb və ərazi hamarlanıb.
Şəhid atası müraciətinin qısa müddətdə həll olunmasına, ailəsinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib.
Şəhid ailələrinin müraciətlərinin diqqətdə saxlanılması və onların sosial qayğılarının həlli istiqamətində görülən işlər dövlətin şəhid ailələrinə göstərdiyi diqqət və qayğının mühüm təzahürüdür.










































