Cəbrayılda mina partlayışı baş verdi – 60 yaşlı kişi yaralandı
İşğaldan azad edilmiş Cəbrayıl rayonunda mina hadisəsi qeydə alınıb.
Veten.Az xəbər verir ki, hadisə oktyabrın 8-də rayonun Dağmaşanlı kəndi ərazisində baş verib.
Məlumata əsasən, daha əvvəl Qəhrəmanov Orxan Əşrəf oğlunun minaya düşdüyü əraziyə onun atası, 1966-cı il təvəllüdlü Qəhrəmanov Əşrəf Elman oğlu daxil olub. Bu zaman o, piyada əleyhinə minanın partlaması nəticəsində xəsarət alıb.
Yaralanan şəxsə hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra vəziyyətinə uyğun olaraq tibbi müəssisəyə çatdırılıb.
Hadisə ilə bağlı Cəbrayıl Rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, aidiyyəti qurumlar işğaldan azad edilmiş ərazilərdə mina təhlükəsinin hələ də davam etdiyini bildirərək, vətəndaşları müəyyən edilmiş təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.
Vətəndaşlara mina və partlayıcı qurğularla bağlı xəbərdarlıq nişanlarına diqqət yetirmək, tanımadıqları ərazilərə daxil olmamaq, şübhəli əşyalara toxunmamaq və ərazilərin çəpərlənməsi prosesinə müdaxilə etməmək tövsiyə olunur.











































