Azərbaycanda aprelin 1-dən kartdan-karta pul köçürmələri ilə bağlı yeni xidmət haqqı tarifləri müəyyən edilib. Bəs bu dəyişikliklər vətəndaşların həyata keçirdiyi pul köçürmələrinə də təsir edəcək?
Veten.Az Oxu.Az-a istinadən xəbər verir ki, yeni tarif siyasətinə əsasən, ödəniş sistemlərində sessiyalar üzrə xidmət haqları eyniləşdirilib. Həmçinin Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (XÖHKS) üzrə xidmət haqlarının yuxarı həddi müvafiq olaraq 2 və 1,5 dəfə azaldılıb.
Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, dəyişikliklər birbaşa Mərkəzi Bankla banklar və digər maliyyə qurumları arasındakı münasibətləri və hesablaşmaları tənzimləyir.
AMB-dən qeyd olunub ki, sözügedən tariflər bankların Mərkəzi Bankın sistemlərindən istifadə zamanı ödədikləri xidmət haqlarıdır.
Bildirilib ki, Mərkəzi Bankın təsdiq etdiyi tariflər Banklararası Kart Mərkəzinin (BKM) infrastrukturunda emal olunan əməliyyatlara görə tətbiq edilən komissiyaları əhatə edir və həmin komissiyalar BKM-in iştirakçılarından tutulacaq.
Beləliklə, yeni tariflər birbaşa vətəndaşların kartdan-karta pul köçürmələri üçün müəyyən edilmiş komissiya deyil. Vətəndaşların köçürmələrə görə ödədiyi xidmət haqqı isə bankların öz tariflərindən asılıdır.











































