Azərbaycanda kənd təsərrüfatı təsərrüfatlarında istehsal olunan süd və yumurtanın ümumi miqdarının hesablanması ilə bağlı yeni qayda tətbiq ediləcək.
Veten.Az xəbər verir ki, yeni uçot qaydasına əsasən, süd istehsalı hesablanarkən yalnız satılan məhsul deyil, təsərrüfat daxilində istifadə edilən bütün süd nəzərə alınacaq.
Belə ki, əvvəlki il ərzində sağılmış südün ümumi miqdarına şəxsi istehlaka sərf olunan, natura formasında dəyişdirilən, pay şəklində verilən, eləcə də heyvanların balalarına içirdilən süd də daxil ediləcək. Təsərrüfat tərəfindən kənardan alınan süd isə istehsal göstəricisi hesab edilməyəcək.
Yumurta istehsalında da eyni yanaşma tətbiq olunacaq. Yumurtaların satılmasından, şəxsi istehlakdan, inkubasiyadan və ya digər məqsədlər üçün istifadəsindən asılı olmayaraq, istehsal olunan bütün yumurtalar uçota alınacaq.
İllik süd istehsalına dair dəqiq məlumat olmadıqda göstərici sağmal heyvanların sayı, hər heyvanın gündəlik orta süd verimi və faktiki sağım dövrünün müddəti əsasında hesablanacaq.
Məsələn, təsərrüfatda üç sağmal inək varsa, hər birindən gündə orta hesabla səkkiz litr süd əldə edilirsə və sağım dövrü 300 gün davam edirsə, illik süd istehsalı 7 200 litr kimi qeydə alınacaq.
Yumurta istehsalı ilə bağlı dəqiq illik məlumat olmadıqda isə yumurtlayan quşların sayı və müxtəlif dövrlər üzrə orta yumurtlama səviyyəsi əsas götürüləcək. Belə ki, 10 yumurtlayan toyuqdan gündə orta hesabla beş yumurta əldə edilərsə, illik istehsal 1 825 ədəd hesablanacaq.
Qeyd edək ki, yeni uçot qaydası 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

