Kolleclərlə bağlı BÖYÜK DƏYİŞİKLİK: Bəziləri universitetlərə birləşdiriləcək, bəziləri ləğv olunacaq
Azərbaycanda kolleclərin fəaliyyətinin təşkili ilə bağlı yeni dəyişikliklər nəzərdən keçirilir. Bəzi kolleclərin profilinə uyğun universitetlərin tərkibinə daxil edilməsi, digərlərinin isə fəaliyyətinin dayandırılması planlaşdırılır.
Veten.Az xəbər verir ki, bunu Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov AzEdu-ya müsahibəsində deyib.
Onun sözlərinə görə, kolleclərin müvafiq ali təhsil müəssisələrinin tərkibində fəaliyyət göstərməsi ilə bağlı müəyyən işlər aparılır.
Anar İsgəndərov nümunə olaraq Tibb Universitetinin nəzdində Tibb Kollecinin yaradılmasının mümkünlüyünü qeyd edib. O, həmçinin Pedaqoji Kollecin Azərbaycan Dövlət Pedaqoji Universitetinin tərkibində fəaliyyət göstərdiyini xatırladıb.
Komitə sədri bildirib ki, eyni yanaşma digər kolleclərə də tətbiq oluna bilər. Onun sözlərinə görə, Lənkəran Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Sosial və Aqrar-Texnoloji Kollecin gələcəkdə Azərbaycan Dövlət Aqrar Universitetinin tərkibində fəaliyyət göstərməsi məsələsi də müzakirə olunur.
“Bu istiqamətdə müəyyən işlər gedir”, – deyə Anar İsgəndərov bildirib.
Komitə sədrinin sözlərinə görə, ali təhsil sistemində aparılan dəyişikliklərin əsas məqsədlərindən biri Azərbaycan gənclərinin xaricdə təhsil alarkən və işləyərkən əlavə problemlərlə qarşılaşmasının qarşısını almaqdır.
O vurğulayıb ki, Azərbaycanın təhsil sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılması vacibdir. Çünki ölkə gəncləri yalnız Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində təhsil alır və fəaliyyət göstərirlər.
Qeyd edək ki, kolleclərin hansı universitetlərin tərkibinə daxil ediləcəyi və hansı təhsil müəssisələrinin fəaliyyətinin dayandırılacağı ilə bağlı yekun qərarlar qəbul edildikdən sonra əlavə məlumatların açıqlanması gözlənilir.











































