Abşeron rayonunda qadının işləmək istəməsi ər-arvad arasında mübahisəyə, daha sonra isə zorakılığa səbəb olub.
Veten.Az xəbər verir ki, hadisə qısqanclıq zəminində baş verib.
Belə ki, 33 yaşlı Fərid Hüseynov (şərti ad) qeyri-rəsmi münasibətdə olduğu 40 yaşlı Samirə Hüseynovanın (şərti ad) işləmək istəyinə qarşı çıxıb. Bu səbəbdən tərəflər arasında mübahisə yaranıb.
Məlumata görə, qadının kobud cavabından əsəbiləşən kişi onun boğazından tutaraq divara sıxıb. Daha sonra saçlarından tutaraq başını aşağı əyib, baş nahiyəsinə zərbələr endirib və başını qapıya çırpıb. Nəticədə qadın müxtəlif xəsarətlər alıb.
Faktla bağlı zərərçəkmiş şəxsin şikayəti əsasında cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, əvvəllər ailəli olub, həmin nikahdan bir övladı dünyaya gəlib və 2022-ci ildə boşanıb. Onun sözlərinə görə, Samirə ilə altı ay əvvəl ailə qursalar da, nikah şəhadətnaməsi almadıqları üçün birlikdə yaşamırlar. Bununla belə, hər gün qadının evinə gedirmiş.
Hadisə günü də Samirənin evinə gedən Fərid ona ehtiyaclarını qarşılaması üçün 20 manat pul verib. Söhbət zamanı qadın iş taparaq işləmək istədiyini bildirib. Kişi isə evlənməzdən əvvəl onun işləməsinə qarşı olduğunu dediyini xatırladıb. Aralarında yaranan mübahisə nəticəsində zorakılıq hadisəsi baş verib.
Fərid Hüseynov törətdiyi əməldən peşman olduğunu və zərərçəkmiş şəxslə barışdığını bildirib.
Zərərçəkmiş qadın da ifadəsində təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını deyib.
Məhkəmənin qərarı ilə cinayət işinə xitam verilib və Fərid Hüseynov cinayət məsuliyyətindən azad olunub.

