Sabirabadda 15 yaşlı qız ot tayasında tapıldı – Polis əməliyyatının təfərrüatları
Sabirabad rayonunda 17 yaşlı oğlanla birlikdə evdən qaçan 15 yaşlı qızın harada gizləndiyi məlum olub. Yeniyetmələr polis əməkdaşları tərəfindən köhnə ot tayasında aşkarlanıblar.
Veten.Az xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.
Məlumata görə, Cavad kəndində yaşayan 17 yaşlı oğlan sosial şəbəkədə 2011-ci il təvəllüdlü qızla tanış olub. Bir müddət yazışan yeniyetmələr ailə qurmaq qərarına gəliblər. Bundan sonra oğlan digər kənddə yaşayan qızı özü ilə aparıb.
Yeniyetmələr kənd ərazisində sahibi Rusiyada olan boş evdə gizlənmək istəyiblər. Lakin evin qapısının bağlı olması onların planını dəyişib. Nəticədə qız və oğlan həyətdəki köhnə ot tayasında gizləniblər.
Dünən axşam saatlarında polis əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hər iki yeniyetmənin yeri müəyyən edilib. Onlar ot tayasında tapılaraq polisə aparılıblar.
Yeniyetmələrlə profilaktik söhbət aparıldıqdan sonra hər ikisi ailələrinə təhvil verilib.

