Bakının Sabunçu rayonunda həkimə məxsus villada baş verən mübahisə qanlı insidentlə nəticələnib. Həkimin sürücüsü ilə bağbanı arasında yaranan dava zamanı 74 yaşlı kişi bıçaqlanıb.
Veten.Az xəbər verir ki, hadisə Bilgəh qəsəbəsinin Mirqasımov küçəsində yerləşən villada qeydə alınıb.
Məlumata görə, həkimin sürücüsü işləyən 1952-ci il təvəllüdlü Həsənağa Mahmudağa oğlu Həsənov həkimi evə apararkən avtomobildə bağbanla mübahisə edib.
Tərəflər arasında yaranan sözlü mübahisə daha sonra villada əlbəyaxa davaya çevrilib. Nəticədə 74 yaşlı sürücü bıçaq xəsarəti alıb və xəstəxanaya yerləşdirilib.
Bildirilir ki, insident zamanı tərəflər sərxoş vəziyyətdə olublar.
Hadisəni törətməkdə şübhəli bilinən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsində araşdırma aparılır.

