Tanınmış stomatoloq Zeynalabdin Allahyarov məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib. Həkim pasiyentlərə verdiyi vədləri yerinə yetirməyərək onlardan külli miqdarda pul almaqda təqsirli bilinib.
Veten.Az xəbər verir ki, Zeynalabdin Allahyarov Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə təqsirli bilinib.
Məhkəmənin hökmü ilə stomatoloq iki il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttiham aktına əsasən, həkim ona müraciət edən pasiyentlərə müxtəlif vədlər verərək ümumilikdə 26 795 manat məbləğində pulu dələduzluq yolu ilə ələ keçirib.
Zeynal adı ilə də tanınan stomatoloqun bu əməlləri “Loft Dent”, “L.A Dent” və “Mediland Hospital”da törətdiyi bildirilir.
Məlumata görə, pasiyentlərdən pul alan həkim verdiyi vədlərə əməl etməyib. Nəticədə məhkəmə onun barəsində həbs cəzası çıxarıb.

