Bakıda gənc rəssamın qətlə yetirilməsi ilə bağlı dəhşətli təfərrüatlar üzə çıxıb. 23 yaşlı Gülarə Mehdiyevanı öldürməkdə şübhəli bilinən ögey qardaşı cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib.
Veten.Az xəbər verir ki, hadisə noyabrın 16-da saat 14:30 radələrində paytaxtın Binəqədi rayonunun 9-cu mikrorayonunda, Həmzə Babaşov küçəsində yerləşən evdə baş verib.
Məlumata görə, 2003-cü il təvəllüdlü Gülarə Ağa qızı Mehdiyeva ilə 2008-ci il təvəllüdlü Ayxan Mehdiyev ata bir, ana ayrı ögey bacı-qardaş olublar.
İlkin məlumata əsasən, evin mətbəxində baş verən mübahisə zamanı Ayxan bıçaqla bacısına hücum edərək ona üç ağır zərbə endirib.
Gülarənin səsini eşidən qonşular hadisə yerinə gəlib və dərhal təcili tibbi yardım çağırıblar. Gənc qadın xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hadisədən sonra şübhəli şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. O, ilkin ifadəsində cinayəti qısqanclıq zəminində törətdiyini iddia edib.
Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi başlanılıb. Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.

