Bakıda sərnişinlərin istifadə etdiyi daha bir marşrut xətti üzrə avtobuslar yenilənir. Yeni avtobuslar noyabrın 18-dən xəttə buraxılacaq.
Veten.Az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Məlumata görə, Abşeron rayonunun Qobu qəsəbəsini paytaxtın “Avtovağzal” Nəqliyyat Mübadilə Mərkəzi ilə əlaqələndirən 567 nömrəli marşrut üzrə 11 müasir avtobus sərnişinlərin xidmətinə veriləcək.
CNG texnologiyası ilə təchiz olunan ekoloji cəhətdən təmiz avtobuslar 9-10 dəqiqəlik intervalla hərəkət edəcək.
Yeni marşrut avtobuslarında gedişhaqqı yalnız nağdsız qaydada ödəniləcək. Bir gedişin qiyməti 70 qəpik müəyyən edilib.
Qeyd edək ki, son günlər Bakıda bir sıra marşrut xətləri üzrə avtobus parkının yenilənməsi həyata keçirilir. Noyabrın 6-dan 203 nömrəli, noyabrın 13-dən isə 173A və 173B nömrəli marşrutlarda yeni avtobuslar sərnişinlərin istifadəsinə verilib.

